“İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “Bilim Bakı” mərkəzinin 2-ci “Deneyap” proqramının 3-cü modul şənliyi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “Bilim Bakı” mərkəzinin 2-ci “Deneyap” proqramının 3-cü modul şənliyi keçirilib.
"Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasının “Elektron proqramlama və əşyaların interneti” modulunun başa çatması münasibətilə gerçəkləşən tədbirdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse, Türkiyənin Azərbaycandakı Təhsil müşaviri Yurdagül Aydoğan, laboratoriyanın şagirdləri və onların valideynləri iştirak ediblər.
Tədbirdə 20-yə yaxın komanda “Elektron proqramlama və əşyaların interneti” dərsləri əsasında "Ağıllı ev" layihəsinin prototiplərini təqdim edib. Komandalar “Bilim Bakı” mərkəzinin müəllimləri və mütəxəssislərdən ibarət 3 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Nəticəyə əsasən 5-6 cı siniflər üzrə I yeri “X”, II yeri “Smart boys”, III yeri “Cuboid” komandaları, 7-8 ci siniflər üzrə isə I yeri “Neo Hive”, II yer “İnvictis”, II yeri “Smart home group” komandaları tutublar.
Sonda şagirdlərə “Elektron proqramlama və əşyaların interneti” modulunu uğurla başa vurduqlarına görə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
2-ci “Deneyap” proqramına şagird seçimi imtahanı 2 mərhələdən ibarət olub. 1-ci mərhələ olan yazılı imtahanda iştirak edən Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6, 7-ci sinfini bitirən 5000-ə yaxın şagird arasından ən çox bal toplayan 431 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.



















