project-title

Azərbaycan 500 ASAN Startap Proqramı

24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “500 Global” şirkəti arasında əməkdaşlığa dair memorandum və Azərbaycanda startapların inkişafı üzrə proqramların həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı” - Azərbaycanda startapların inkişafı, vençur maliyyəşməsinin təşəkkülü üzrə proqramların həyata keçirilməsini nəzərdə tutmuş bir çox onlayn və oflayn tədbirlərdən ibarət olan inkubasiya proqramı olub "500 Global" şirkəti tərəfindən həyata keçirilib və təlimlər şirkətin beynəlxalq mentorları tərəfindən aparılıb. 

Proqram müddətində iştirakçılar “Startap quruculuğu və komanda formalaşması”,  “Startup booster”, “Müştəri və bazarın təhlili” və “Prototipin hazırlanması və təkmilləşdirilməsi” kimi fərqli mövzularda bir sıra təlimlər və sessiyalarda iştirak ediblər.

Nəticədə “Azərbaycan 500 ASAN Startap Proqramı”nı müvəffəqiyyətlə başa vuran 10 startap komandası  - “Tinyworks”, “Uniforius”, “Medicall”, “Skaut”, “Taskilled”, “ReTrip”, “Rihand”, “Talant.az”, “Booknote” və “QMS” layihənin sonunda iştirakçılara öz layihələrini təqdim ediblər.

project-title

StartupFest

StartupFest əsasən startapları əhatə edən, özündə startaplarla bağlı problemləri, onların həll yollarını ehtiva edən və bir neçə beynəlxalq lisenziyalı tədbiri birləşdirən festivaldır. Startaplara həsr olunan və Azərbaycanda ilk dəfə keçirilən StartupFest”ə TEDx”, Techstars”, Startup Weekend”, Fintech”, DevopsDays”, “FunBaku”, “Product Hunt Meetup” kimi beynəlxalq tədbirləri də daxil olub.


Layihənin məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirmək olub.

Gənc texnologiya sahibkarlarını, investorları, şirkətləri, dövlət strukturları, universitetlər, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirən layihədə təcrübə mübadiləsi üçün fürsət yaratmaqla Azərbaycan ekosisteminə müsbət təsir göstərməyi hədəflənib.

Layihə COVID-19 pandemiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi zamanı tətbiq olunan məhdudiyyətlərlə əlaqədar dayandırılıb. Növbəti illərdə keçirilməsi nəzərdə tutulur. 

project-title

“ASAN Həyat” Bahar Festivalı 

“ASAN Həyat” Bahar Festivalı - “İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı ilə hər il mart ayının ilk günlərindən etibarən “ASAN Həyat” komplekslərinin ərazisində keçirilir.  Tədbirlərdə Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgilər, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası təşkil olunur, həmçinin bölgələrimizdə yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, folkloru, musiqi və mətbəxi nümayiş etdirilir.


Layihənin məqsədi xalqımızı tarixən bütövləşdirən, milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrini layiqincə yaşatmaq, regionlarda yaşayan əhalimizin sosial mədəni həyatına, bayram əhval-ruhiyyəsinin artırılmasına töhfə vermək, müxtəlif xalqların milli-mənəvi dəyərlərini, folklorunu, musiqi və mətbəxini nümayiş etdirmək, insanlar arasında birlik və mehribanlığı möhkəmləndirmək və müsbət imic formalaşdırmaqdır.

Festival ilk dəfə 2019-cu ildə 2 – 19 mart tarixində Masallı, Şəki və Quba “ASAN Həyat” komplekslərində keçirilib.

Növbəti festival 2020-ci ildə 1-3 mart tarixində Kürdəmir “ASAN Həyat” kompleksində “ASAN Həyat” Bahar Festivalı keçirilib.

Layihə COVID-19 pandemiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi zamanı tətbiq olunan məhdudiyyətlərlə əlaqədar dayandırılıb. Növbəti illərdə keçirilməsi nəzərdə tutulur.