INNOLAND-də “Aerokosmik Modelçilik Festivalı 2025”in mükafatlandırma mərasimi keçirilib

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunub.
Mərasimdə Milli Məclisin deputatları Fariz İsmayılzadə və Ülviyyə Ağayeva, “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilov, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, festival iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbir zamanı “Yeni üfüqlərə doğru” şüarı ilə üçüncü dəfə keçirilən Aerokosmik Modelçilik Festivalına dair videoçarx nümayiş olunub, bu ilki yarışların nəticələri və yeniliklər barədə məlumat verilib. Bildirilib ki, festival iki turdan ibarət olub və ümumilikdə 10 növ üzrə yarışlar, aviaşou, kvadrokopter və təyyarə modellərinin nümayişi keçirilib.
Festival çərçivəsində təşkil olunan 10 növdə ("S-3-B Paraşüt", "S-3-C Paraşüt", "S-4-D Raketaplan", "S-6-A Streamer", "S-6-B Streamer", "S-6-C Streamer" və ilk dəfə olaraq "Peyk (CubeSat)", "Startap" (aerokosmik sahədə), dron və təyyarə modelləri) yarışlar üzrə Mükafatlandırma mərasimində I, II və III yerlərin sahibləri ilə yanaşı, festivalda aktiv iştirak edən yarışçılara da sertifikatlar təqdim olunub.
Festivalda “YAŞAT” Fondunun dəstəyi ilə Raket modelçiliyi yarışının “S-6-A Streamer” kateqoriyasında bir araya gələn 5 şəhid övladı da qaliblər sırasında olub.
Sonda təşkilatçı və tərəfdaş qurumların nümayəndələrinə — “İnnovasiyalar Mərkəzi”, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Azərkosmos”, Milli Aviasiya Akademiyası, “Hədəf STEAM Liseyi”, “IT INNOVATIONS computer academy”, “Nərgiz” Klinikası, “AzST”, “OUTSITE” və “RC CARTING” şirkətlərinə dəstəklərinə görə təşəkkürnamələr təqdim edilib.
Festivalın əsas məqsədi ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, sağlam həyat tərzinin təşviqinə və texniki yaradıcılığın kütləviləşməsinə dəstək olmaqdır.
Təmiz havada intellektual aktivliklə fiziki fəaliyyəti birləşdirən bu idman növü iştirakçılara həm fərdi, həm də komanda şəklində yarışmaq imkanı yaradıb. Qiymətləndirmə zamanı uçuşun hündürlüyü və müddəti, enişin dəqiqliyi, modellərin texniki səviyyəsi və uçuş reallığı əsas meyarlar kimi götürülüb.




























Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.