İşğaldan azad edilmiş ərazilərdə süni intellekt mövzusunda seminar keçirilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə martın 5-də Ağdam rayonunun Kəngərli kəndində qadınların iştirakı ilə “Süni intellekt savadlılığı” proqramı çərçivəsində interaktiv seminar keçirilib.
Ağdam rayonunda keçirilən tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhalinin müasir informasiya-kommunikasiya texnologiyalarına adaptasiyasını təmin etmək, müxtəlif əhali qruplarının rəqəmsal savadlılığını artırmaq və sakinləri yeni nəsil texnologiyaları, xüsusən də süni intellekt barədə məlumatlandırmaqdır.
Tədbirdə çıxış edən AQUPDK-nın nümayəndəsi Zülfiyyə Sadıq Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə geri qayıdan ailələrlə aparılan psixososial işin əhəmiyyətindən, bu sahədə həyata keçirilən layihələrdən bəhs edib. Nümayəndə həmçinin qeyd edib ki, informasiya texnologiyalarından səmərəsiz şəkildə istifadə edilməsi insanların psixikasına, yaşam tərzinə və psixoemosional vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev seminarda “Süni intellekt savadlılığı” proqramı haqqında məlumat verib, süni intellektin gündəlik həyatda və iş mühitində tətbiqi imkanlarından və əhəmiyyətindən danışıb. Cıxış zamanı təlimçi bildirib ki, “Süni intellekt savadlılığı” proqramı insanların süni intellekti yalnız texniki terminlər toplusu kimi deyil, gündəlik həyat və iş mühitində praktik tətbiq oluna bilən alət kimi dərk etməsini təmin etmək məqsədilə hazırlanıb. N.Əliyev həmçinin qeyd edib ki, proqram çərçivəsində Bakı şəhəri və regionlarda 3000 nəfərdən çox iştirakçı təlimlərdə iştirak edərək suni intellekti öz gündəlik həyat və fəaliyyətində səmərəli şəkildə tətbiq etmək bacarıqlarını inkişaf etdiriblər.
Təlimçi seminar iştirakçılarının suallarını cavablandırıb.

















Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.