"ASAN AI Hub" ilk çağırışlar üzə qalibləri müəyyən edib

media-title
09/04/2026

"ASAN AI Hub" ilk çağırışlar üzə qalibləri müəyyən edib

"ASAN xidmət"in "ASAN AI Hub" platforması  tərəfindən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb.

Çağırışlar çərçivəsində 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən 2 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb. Yekun mərhələdə isə hər çağırış üzrə qaliblər müəyyən ediliblər.

"Aqrar Ticarət Platforması üçün süni intellekt əsaslı ‘İndi al, sonra ödə’ (BNPL) risk qiymətləndirmə və məhsul uyğunlaşdırma sistemi" mövzusu üzrə çağırışın qalibləri Sənan Cəfərov və Xəyal Əhmədov, “YONCA: Süni intellekt əsaslı gündəlik təsərrüfat planlayıcısı – datasız işləyən prototip” çağırışı üzrə isə Zümrüd İsmayılova və Asiman İsmayılova seçiliblər.

Qalib komandalar 1000 AZN məbləğində mükafat ilə təltif olunublar.

İlk çağırışlar "Digital Umbrella" ilə  əməkdaşlıq çərçivəsində elan edilib.

Xatırladaq ki, açıq innovasiya platforması olan "ASAN AI Hub"ın məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və akademiya arasında effektiv əməkdaşlığı gücləndirir.

Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur. Tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.

Ətraflı məlumat üçün: https://asanhub.ai/

media-title
Naxçıvan Dövlət Universitetində görüş keçirilib
12/03/2024

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.

Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.

Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

media-title
Rumıniya ASAN Xidmət modelinin tətbiqi ilə bağlı əməkdaşlığa başlayır.
03/04/2024

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.

Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.

Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.

Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.